“İnter Mayami”nin 38 yaşlı uruqvaylı ulduz hücumçusu Luis Suares belə bir qənaətdədir ki, tənqiddən xeyli qazanc götürüb.
Arena.az uruqvaylı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Mən həmişə tənqidlə mübarizə aparmışam. Nəticədə tənqid məni daha da güclü etdi”, deyə Suares vurğulayıb.
Xatırladaq ki, Luis Suares 2024-cü ilin yanvar ayından “İnter Mayami”də çıxış edir. Uruqvaylı mərkəz hücumçusu “vağlar”ın heyətində indiyə qədər 87 oyuna çıxıb, 42 qol vurub, 29 məhsuldar ötürmə verib.
Uruqvaylı futbolçu “İnter Mayami” ilə MLS müntəzəm mövsümünün qalibi olub (2023/2024).
Suares “İnter Mayami”dən öncə Braziliyanın “Qremio”, Uruqvayın “Nasyonal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), Niderlandın “Ayaks”, “Qroningen”, İngiltərənin “Liverpul” klublarında da çıxış edib, çoxlu qənimətlər və fərdi mükafatlar qazanıb.
Luis Suares bir vaxtlar kapitanı sarğısını daşıdığı və artıq çıxışına xitam verdiyi Uruqvay yığmasının heyətində 2007-ci ilin fevralında debüt edib. Suares “seleste”nin heyətində 143 oyun keçirib, 69 qol vurub və 39 məhsuldar ötürmə verib. Luis Suares Uruqvay yığması ilə Amerika Kubokunun (2010/2011) qalibi olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı uruqvaylı mərkəz hücumçusunun transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.
